Bağ evlərinin kirayə və satış qiymətləri artıb - EKSPERT
Nərmin Qocamanlı
“Bağ evlərinin qiymətlərində ortalama 15-20 faiz artım var".
Bunu "Operativ Media"ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, bağ evlərinə yararlı məhdud sayda ərazi qaldığı üçün qiymətlər artmaqda davam edir:
"Tələbat isə daha çox dənizkənarı ərazilərədir. Buzovna ,Mərdəkan və ora yaxın ərazilərdə minimal olaraq bir sot torpağın qiyməti 10.000-30.000 arası dəyişir. Əvvəllər isə bu 3000 manatdan başlayırdı və 10.000 min manata qədər davam edirdi”.
Elnur Fərzəliyevin sözlərinə görə, bağ evlərinin nəinki alış, həmçinin kirayə qiymətlərində də artım müşahidə olunur:
"Hətta hazırda paytaxtla turistik bölgələrdə olan evlərin qiymətləri təxminən eynidir. Bölgələrdə də qiymətlər dəyişib, hazırda turistik yerlərdə qiymətlər 50 manatdan başlayır 300 manata qədər davam edir. Bu rəqəm Bakıda dənizə yaxın ərazilər üçün də keçərlidir. Minimal 50 manatdan başlayaraq davam edir. Bakıda sənədsiz evlərin çox olması bağ evi alan vətəndaşların daha çox turizm bölgələrini seçmələrinə səbəb olur”.