Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi dövlətçilik əleyhinədir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab etdiyini bildirib.
Operativ Media “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bu mətnlə müstəqil dövlətin mövcudluğu mümkün deyil. Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən bəhs edir”, – baş nazir bildirib.
Paşinyan qeyd edib ki, yeni konstitusiyanın qəbul edilməsi hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer alıb. Onun sözlərinə görə, seçkilərdə mütləq çoxluq qazandıqdan sonra partiya proqramını həyata keçirməlidir.
Baş nazir müxalifətin konstitusiya prosesini beynəlxalq və regional gündəmlə əlaqələndirdiyini deyib. O, müxalifətin yeni konstitusiya üzrə referendumun keçirilməsinə mane olmaması üçün ictimai təzyiqin artırılması imkanını da gündəmə gətirib.
Paşinyan müxalifətə elə bir təklif irəli sürə biləcəyini bildirib ki, onun qəbulundan imtina etmək çətin olsun. Baş nazir prosesin növbədənkənar seçkilərə gətirib çıxarmaması ehtimalının yüksək olduğunu qeyd edib.