
Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Operativ Media xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.
Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.
Qeyd edək ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı 14 avtomobil toqquşub.
Faktla bağlı araşdırma aparılır.
13:02
Bugün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Operativ Media xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində 2 nəfər həyatını itirib ağır xəsarət qeydə alınmayıb.
İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
10:30
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
09:14
Ucar rayonunda 13 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəzaya uğrayan “Mercedes”in sürücüsü yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib.
Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, olay yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.
Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub, avtobillərdə sıxılıb qalmış sərnişin və sürücülər avtomobillərdən çıxarılıb.
Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı N.A., 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisədə ölənlər isə aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
⚡️Ötən axşam Ucar rayonu ərazisində 10-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb, yolda hərəkət tam dayanıb pic.twitter.com/AFoZtmomm9
— Operativ Media (@operativmedia) February 16, 2025