2026-cı ildə Şahdağda 600 süni qar generatoru olacaq
"Bu ildən etibarən biz süni qar generatorlarının sayını artırırıq. Artıq 2026-cı ildə Şahdağın ərazisində 600 qar generatoru olacaq".
Operativ Media xəbər verir ki, bu sözləri “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bildirib.
"Bir çox adam bunun nə olduğunu bilmir. Süni qar deyəndə kimyəvi maddə əlavə olunmasını düşünürlər, amma əslində belə deyil. Bu sadəcə olaraq sudur və tezliklə, yüksək təzyiq altında çox xırda damcılara yəni buz dənəciklərinə çevrilir."- sədr vurğulayıb.
"Nə qədər çox təbii qar olarsa, biz bir o qədər az süni qardan istifadə edəcəyik. Bu da, sözsüz ki, həm elektrik xərclərinə, həm də ətraf mühitə təsir baxımından daha yaxşıdır.
Amma son illərin tendensiyasına baxsaq, il ərzində cəmi bir neçə dəfə güclü qar yağır. Nəzərə alsaq ki, Azərbaycanda Şahdağ qış mövsümü üçün təxminən üç ay aktiv olur, bizim məqsədimiz odur ki, ən azı mart ayının sonuna qədər bu fəaliyyət davam etsin. Bu da, sözsüz ki, bizim Novruz bayramı ilə də bağlıdır. İstəyirik ki, insanlar şəhərlərdən, paytaxtdan gəlib burada istirahət etsinlər."-R. Nəcəfov bildirib.