Bakıda güclü külək ağacları aşırıb
Yanvarın 2-də Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində doqquz ağac aşıb, altı ağacın budaqları qırılıb.
Bu barədə Operativ Media-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, güclü külək nəticəsində Yaşıllaşdırma Təsərrufatı Birliyinin qaynar xəttinə 15 müraciət daxil olub. Bunlardan doqquzu aşan ağaclar, altısı isə qırılan budaqlarla bağlıdır.
"Birliyin əməkdaşları tərəfindən aşmış ağaclar ərazidən götürülərək ərazi təmizlənib.
Ərazidə təhlükəli ağaclar mövcud olduğu hallarda sakinlərin müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməsi xahiş olunur. Yalnız Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyindən sonra ağaclar tərəfimizdən götürülə bilər. Sözügedən ağacın götürülməsi ilə bağlı birliyə hər hansı rəy təqdim olunmayıb".
Qurumdan qeyd olunub ki, yanvarın 1-i isə qaynar xəttə 39 müraciət daxil olub. Onlardan 15-i aşan ağac, 24-ü isə qırılmış budaqlar ilə bağlıdır.