ƏMAS-da səhiyyə işçilərinin əməkhaqqına əlavələrlə bağlı yenilik tətbiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin edən yeni funksionallıq tətbiq edilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Yeniliyə əsasən, əmək müqavilələri ƏMAS-a daxil edilərkən ağır əmək şəraitində çalışan səhiyyə işçilərinin əməkhaqqılarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əlavələrin daxil edilməsi mümkün olur.
Bu funksionallıq səhiyyə sahəsində çalışan işçilərin əməyinin ödənilməsinin normativ hüquqi aktlara uyğun aparılmasına, əməkhaqqı hesablamalarının düzgün və şəffaf formada həyata keçirilməsinə xidmət edir.
Yeni imkan eyni zamanda ƏMAS-da məlumatların daha dəqiq formalaşdırılmasına və əmək münasibətlərinin rəqəmsal mühitdə effektiv idarə olunmasına şərait yaradır.