“Qəhrəmanların səsi – Torpaq uğrunda” layihəsi yekunlaşıb
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qəhrəmanların səsi – Torpaq uğrunda” adlı layihə başa çatıb.
Operativ Media xəbər verir ki, layihə çərçivəsində maarifləndirici və vətənpərvərlik istiqamətində tədbirlər təşkil olunub, eyni zamanda şəhid ailələrinə ziyarətlər həyata keçirilib. Layihə çərçivəsində keçirilən görüşlərdə YAP Nizami rayon təşkilatının əməkdaşları, şəhid ailələrini üzvləri, müharibə əlilləri, veteranları iştirak ediblər.
Görüşlərdə YAP Nizami rayon təşkilatının məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri, veteranlar və ictimaiyyət birliklərinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda Vətən uğrunda canlarını və sağlamlıqlarını fəda etmiş qəhrəmanlarımızın misilsiz fədəkarlıqlarından, onların şərəfli həyat yolunu gənclər üçün əsl nümunə olmasından bəhs edilib. Qeyd olunub ki, bu cür layihələr milli yaddaşın qorunması və qərəmanlıq ruhunu yaşadılması baxımdan xüsusi əhəmiyyət daşıyır.
Tədbirlər interaktiv müzakirələr şəraitində davam edib, gənclərin sualları cavablandırılıb, onların fikir və təəssüratları dinlənilib. Gənclər qazilərin və veteranların real həyat hekayələrinin vətən sevgisini daha da gücləndirdiyini vurğulayıb.
Layihə çərçivəsində həmçinin Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun, eləcə də Vətən Müharibəsi şəhidləri Cavid Həsənovun və Teymur Məcidzadənin ailələri ziyarət olunub. Ziyarətlər zamanı şəhid və qəhrəmanlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, ailə üzüvləri ilə səmimi söhbətlər aparılıb, onların göstərdiyi fədəkarlığın xalqımızın və dövlətimiz üçün əvəzsiz olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, şəhid və qəhrəman ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Layihə çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.