Arzu Nağıyev: Maraqların toqquşması haqqında qanun layihəsi korrupsiya risklərinin azaldılmasına xidmət edəcək
Maraqların toqquşması haqqında qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə hazırlanıb.
Arzu Nağıyev qeyd edib ki, layihənin müzakirəsi zamanı diqqət yalnız hüquqi normaların müəyyən edilməsinə deyil, onların praktikada nə dərəcədə səmərəli işləyəcəyinə də yönəldilməlidir.
Komitə sədri vurğulayıb ki, maraqların toqquşması və korrupsiya eyni anlayışlar deyil. Onun sözlərinə görə, maraqların toqquşması özlüyündə hər zaman cinayət hesab olunmur, lakin düzgün idarə edilmədikdə korrupsiya üçün əlverişli şərait yarada bilər.
O bildirib ki, qanunda maraqların toqquşmasının əhatə dairəsi və anlayışlar dəqiq müəyyən edilməli, maraqların vaxtında bəyan edilməsi, belə halların həlli, nəzarət və məsuliyyət mexanizmləri aydın göstərilməlidir.
Arzu Nağıyev əlavə edib ki, məsuliyyət mexanizmləri müəyyən edilərkən qəsdən gizlədilən hallar ilə bilmədən yaranmış və vaxtında açıqlanmış vəziyyətlər fərqləndirilməlidir. Eyni zamanda, araşdırmalar obyektiv aparılmalı, şəxslərin hüquqları qorunmalı və qərarlar qanuni əsaslara söykənməlidir.
Komitə sədri bildirib ki, qanun layihəsinin hazırlanması zamanı Beynəlxalq Valyuta Fondunun (IMF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrindən və mütərəqqi təcrübəsindən istifadə edilib.
Arzu Nağıyev layihənin komitələrin birgə iclasında birinci oxunuşda müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunmasını təklif edib.