Menyu

Rizvan Nəbiyev: Maraqların toqquşması cinayət deyil, əsas məsələ onun idarə olunmasıdır

Operativ Media
Rizvan Nəbiyev: Maraqların toqquşması cinayət deyil, əsas məsələ onun idarə olunmasıdır
1 dəq oxu

Maraqların toqquşmasının yaranması cinayət deyil. Əsas məsələ belə halların düzgün idarə olunmasıdır.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanunun tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri zamanı maraqların toqquşmasının özünün cinayət və ya ilkin mərhələdə inzibati hüquq pozuntusu olmadığını izah etmək vacibdir.

Onun sözlərinə görə, problem belə vəziyyətlərin düzgün idarə edilməməsindən və müvafiq tədbirlərin görülməməsindən başlayır.

Rizvan Nəbiyev qeyd edib ki, qanunun tətbiqinə hazırlıq üçün nəzərdə tutulan altı aylıq müddətdə intensiv maarifləndirmə işləri aparılmalı, dövlət qurumlarında və daha yüksək vəzifəli şəxslər səviyyəsində izahat tədbirləri təşkil edilməlidir. O, gənclərin işə qəbulu və imtahan proseslərində də bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Deputat bildirib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb. O, dövlət vəzifəsindən ayrıldıqdan sonra müəyyən müddət ərzində tətbiq olunan məhdudiyyətlərin də maraqların toqquşmasının qarşısının alınması baxımından əhəmiyyətini qeyd edib.

Rizvan Nəbiyev beynəlxalq təcrübəyə nümunə kimi Almaniyanın keçmiş federal kansleri Gerhard Şröderin istefasından sonra “Nord Stream” şirkətinin direktorlar şurasına rəhbərlik etməsini xatırladıb. Onun sözlərinə görə, bu hadisə maraqların toqquşmasının beynəlxalq səviyyədə müzakirə olunan nümunələrindən biri olub.

Deputat vurğulayıb ki, maraqların toqquşması ilə bağlı hüquqi tənzimləmələrdə şəxslərin hüquqları ilə ictimai maraqlar arasındakı sərhəd dəqiq müəyyənləşdirilməlidir.

Əlaqəli Xəbərlər