Menyu

Deputat “Maraqlar toqquşması haqqında” qanuna etik meyarların əlavə olunmasını təklif edib

Operativ Media
Deputat “Maraqlar toqquşması haqqında” qanuna etik meyarların əlavə olunmasını təklif edib
1 dəq oxu

“Maraqların toqquşması haqqında” qanun layihəsi korrupsiyaya qarşı mübarizənin yeni sərhədlərini müəyyənləşdirir və yeni səmərəli metodları tənzimləyir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi bu yaxınlarda qəbul edilmiş korrupsiyaya qarşı mübarizə qanununun davamı olsa da, mahiyyət etibarilə tamamilə yeni qanundur.

O qeyd edib ki, qanunun yaranması üçün ictimai sifarişin olması vacibdir və maraqların toqquşması ilə bağlı halların cəmiyyətdə, hətta mediada müzakirə edilməsi belə bir qanuna ehtiyac olduğunu göstərir.

Hikmət Babaoğlu vurğulayıb ki, layihə vaxtında müzakirəyə çıxarılıb və hüquqi meyarlarla yanaşı, mənəvi meyarları da özündə əks etdirir.

Deputat bildirib ki, maraqların toqquşması ilə bağlı hallarda qohumluq əlaqələrindən və digər münasibətlərdən istifadə edilməsi məsələləri də nəzərə alınmalıdır. Onun fikrincə, qanunun tətbiqi korrupsiyaya qarşı mübarizədə daha səmərəli tədbirlərin görülməsinə imkan verəcək.

Hikmət Babaoğlu layihənin birinci maddəsində yer alan əsas anlayışlarla bağlı təkliflərlə də çıxış edib. O, “digər yaxınlar” kateqoriyasına şəxsi, ideoloji, etik və ya işgüzar münasibətlərə görə vəzifəli şəxsə yaxın olan digər şəxslərin də əlavə edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini təklif edib.

Deputat, həmçinin “şəxsi maraq” anlayışına etik marağın əlavə edilməsini mümkün hesab etdiyini bildirib.

Hikmət Babaoğlu vicdanlı davranış və dürüstlük anlayışlarının hüquqi baxımdan hansı meyarlarla qiymətləndiriləcəyinə də aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb. O, bu anlayışların hüququn tətbiqində necə qiymətləndiriləcəyi ilə bağlı sualların açıq qaldığını qeyd edib.

Əlaqəli Xəbərlər