Yazın gəlişi ilə adətən torpaq bazarında canlanma baş verir. Ev tikmək istəyənlər xüsusilə bu aylarda işə başlayırlar.
Bəs tikinti materiallarının bahalaşması fonunda ev tikmək neçəyə başa gəlir?
"Operativ Media”ya açıqlama verən tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan deyir ki, fərdi yaşayış mənzilinin tikilməsi üçün tələb olunan vəsait mənzilin həcminə və istifadə edilən inşaat materiallarının keyfiyyətinə görə dəyişir:
“Ən bəsit qaydada ucuz tikinti materialları ilə 150 kvadratlıq ev götürək. Bu evin 1 kvadratı 220 manat olur və nəticə etibarı ilə vətəndaş 150 kvadrat ev üçün 33 min manat ödəməli olur. Amma qaydalara uyğun şəkildə, keyfiyyətli armatur-betonla inşa olunarsa, avtomatik olaraq 50-55 min manata başa gəlir. Söhbət burada 150 kvadratlıq evdən gedir. İstisna hallarda bu məbləğ arta bilər. Yəni, mənzilin daha keyfiyyətli və lüks olmasını istəyiriksə, daha da çox pul xərcləməliyik”.
Mütəxəssisin sözlərinə görə, bəzən ev tikmək istəyənlər bu hesablamaları tanımadıqları ustalara həvalə edirlər. Nəticədə ya tikinti işləri yarımçıq qalır, ya da nəzərdə tutulandan qat-qat artıq xərc çəkməli olurlar:
“200-250 kvadratmetr evlər var ki, onların interyerində çox bahalı materiallar işlənir və bina heç tam hazır olmadan ümumi xərc gəlib 200-250 min manatı keçir. İnsanlar öz biliklərinə arxalanırlar və ya kağızın üzərində dədə-baba qaydası ilə kobud hesablama edirlər. Usta cızma-qaraya baxır, hesab-kitab edir, amma axırda tam fərqli xərc çıxır. Ev tikdirən insanlar mütləq qaydada bilməlidirlər ki, əlavə xərcləri olacaq. Ona görə əvvəlcədən peşəkar heyət tam hesablama görməlidir. Bu qiymətlər bölgələr üçün də keçərlidir. Belə ki, regionlarda tikinti materialları nisbətən baha olsa da, usta qiymətləri əksinə bir qədər aşağıdır”.






