"Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb".
"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O, qeyd edib ki, Azərbaycanda vətəndaş nikahlarının sayı getdikcə artır.
Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, vətəndaş nikahı qanunsuzdur.
Bəs vətəndaş nikahı deyiləndə nə nəzərdə tutulur? Bununla bağlı ölkəmizdə hansı tədbirlər həyata keçirilir?
Mövzu ilə əlaqədar sosioloq Elçin Bayramlı "Operativ Media"ya bildirib ki, vətəndaş nikahı Qərb ölkələrində nikahdan kənar cinsi əlaqələrə qoyulan mədəniləşdirilmiş addır:
"Ümumiyyətlə, nikahdan kənar bütün əlaqələr qeyri-mənəvi və qeyri-əxlaqi əlaqələrdir. Bunun heç bir əsası yoxdur. Vətəndaş nikahı dini nikah demək deyil. Təəssüf ki, son dövrlər Azərbaycanda belə yad Qərb dəyərlərinin təbliği cəmiyyətimizdə faciəvi bir vəziyyət yaradıb və artıq boşanmaların sayı getdikcə artıb. Ailə qurulması faktları azalıb, əxlaqsızlıq halları isə artır. Nikahdan kənar münasibətlər, bu qəbildən olan namus cinayətləri və s. artması onu tələb edir ki, bu biabırçılığa son qoyulmalıdır. Bizdə qanunda belə bir şey yoxdur, amma heç bir tədbir də görülmür. Əslində, hər hansı bir formada buna qarşı çıxılmalı və təbliği qadağan olunmalıdır. Bu barədə ictimai qınaq olmalıdır. Azərbaycan xalqı belə dəyərləri qəbul edə bilməz. Öz qanuni, düzgün əxlaqlı ailə sistemimiz var və onun dağılmasının qarşısını almalıyıq. Əgər bu tendensiyanın qarşısı alınmasa, bizim ailə institutumuz tam məhv olacaq".
Sevinc İbrahimzadə






