Kamerasız yollarda əksər sürücülər avtobus zolaqlarına daxil olur - VİDEO
Bakıda bəzi sürücülər kamera olmayan yollarda avtobus zolaqlarına daxil olurlar.
“Operativ Media”ya göndərilən görüntülər Bakı Sumqayıt şosseində lentə alınıb.
Görüntülərdən aydın olur ki, avtobusların hərəkəti üçün ayrılmış xüsusi zolaqda minik avtomobilləri də hərəkət edir.
Bəzi sürücülər yolun kamera nəzarəti olmayan hissələrindən yola daxil olaraq növbəti kameralı hissəyə qədər bu zolaqla gedir. Adətən səhər və axşam pik saatlarda bu hal yaşandığından avtobusların vaxtında öz məntəqəsinə çatmasına maneə yaranır.
Məsələylə bağlı Baş DYP İdarəsinin inspektoru Elvin Hacıyev bildirdi ki, qeyd olunmuş yol istiqamətində kameralardan gizlənərək xüsusi zolaqlara daxil olan sürücülər ərazidə xidmət aparan polislər tərəfindən müəyyən olunur:
“Qeyd edim ki, sözügedən qayda pozuntusu dislokasiya üzrə xidmət aparan əməkdaşlar tərəfindən aşkarlandiğı təqdirdə həmin nəqliyyat vasitəsi barəsində də inzibati protokol tərtib olunur. Müvafiq nişanlarla idarə edilmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq olan yerlərdə digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Onlar barəsində inzibati xətalar məcəlləsinin 327.1 ci maddəsinə əsasən protokol tərtib olunur. Nəqliyyat vasitələri o halda avtobus zolağına daxil ola bilər ki, 1.5 nişanlanma xətti mövcuddur. O formada daxil olub ən yaxin yol ayrıcından manevr etməlidirlər. Avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğində cərimələnir”.
Əksər sürücülər yolun kamera nəzarəti olmayan hissələrindən yola daxil olaraq növbəti kameralı hissəyə avtobus zolağı ilə gedir.
— Operativ Media (@operativmedia) April 26, 2024
Görüntülər Bakı-Sumqayıt şosseində lentə alınıb. pic.twitter.com/iUBysd1eCK