Menyu

Millət vəkili: Regionda yeni reallıq formalaşıb, Ermənistan buna uyğunlaşmalıdır

Operativ Media
Millət vəkili: Regionda yeni reallıq formalaşıb, Ermənistan buna uyğunlaşmalıdır
1 dəq oxu

Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik rejiminin bərqərar olması möhkəm hüquqi əsaslara söykənməlidir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma mərhələsinə doğru inkişafı Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyinin uğurla həyata keçirilməsinin nəticəsidir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, sülhə doğru irəliləyiş yalnız ikitərəfli səylər əsasında mümkündür və Ermənistan tərəfindən hüquqi müstəvidə zəruri addımların atılması sülh müqaviləsinin imzalanması, parlamentlər tərəfindən ratifikasiyası və qüvvəyə minməsi üçün mühüm əhəmiyyət daşıyır.

Nizami Səfərov qeyd edib ki, hər bir ölkənin konstitusiyasının qəbul edilməsi və ya dəyişdirilməsi onun daxili məsələsidir. Bununla yanaşı, Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın çıxarılmasını sülh müqaviləsinin yekun imzalanması üçün qalan ilkin şərt kimi qiymətləndirib.

“Cənab Prezidentin vurğuladığı kimi, Ermənistanın konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, bu sadəcə obyektiv şərtdir”.

Deputat bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoysa da, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiası ehtiva edən müstəqillik bəyannaməsinə istinadın qalması sülhün hüquqi prosedurlarının yekunlaşmasına maneə yaradır.

O, noyabrın 23-də Ermənistan hökuməti tərəfindən təqdim olunan yeni konstitusiya layihəsinin erməni müxalifəti və revanşist dairələr tərəfindən tənqid olunduğunu da diqqətə çatdırıb.

Nizami Səfərov vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionda yeni reallıqlar formalaşıb və dövlətin atdığı ardıcıl addımlar yeni təhlükəsizlik arxitekturasının yaradılmasına xidmət edir. Onun sözlərinə görə, Ermənistan baş verən hadisələrdən düzgün nəticə çıxarmalıdır.

Deputat bildirib ki, bu gün sülhə nail olmaq, dövlətlərarası münasibətlərdə etimad rejimini formalaşdırmaq və regional əməkdaşlığı inkişaf etdirmək üçün alternativ yol yoxdur.

“Cənab Prezidentin qeyd etdiyi kimi, 30 ilə yaxın bir müddətdə davam edən münaqişəyə artıq son qoyulub və uzun illər davam edən münaqişələrin zonası olmuş Cənubi Qafqaz sülh zonasına çevrilir”.

Əlaqəli Xəbərlər