Almaniya millisinin üzvü 16 aylıq futboldan uzaqlaşdırılıb
Almaniya qadın futbol millisinin üzvü və “Ayntraxt”ın kapitanı Laura Freyanq antidopinq qaydalarının pozulmasına görə 16 aylıq diskvalifikasiyaya məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
28 yaşlı futbolçu dopinq nəzarəti üçün olduğu yer barədə məlumat vermə qaydalarını üç dəfə pozduğuna görə cəzalandırılıb. 2025-ci ilin martından 2026-cı ilin fevralınadək baş verən bu hallar Dünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsasən antidopinq pozuntusu hesab olunur. Belə ki, 12 ay ərzində üç dəfə dopinq yoxlaması üçün əlçatan olmamaq diskvalifikasiya ilə nəticələnir.
Futbolçunun cəzası 8 iyun 2026-cı il tarixindən hesablanır və 7 oktyabr 2027-ci ilədək qüvvədə olacaq. Bu səbəbdən Freyanq Braziliyada keçiriləcək və tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə təşkil olunacaq dünya çempionatını buraxacaq.
Onun 23 fevral 2026-cı il tarixindən sonrakı fərdi statistik göstəriciləri ləğv edilsə də, “Ayntraxt”ın və Almaniya millisinin həmin dövrdə keçirdiyi oyunların nəticələri qüvvədə saxlanılacaq.
Freyanq isə dopinqdən istifadə ilə bağlı hər hansı şübhənin olmadığını bildirib:
“Heç bir mərhələdə dopinq qəbul etdiyimə dair şübhə olmayıb. Qaydalara əməl etmək məsuliyyətimi və təmiz idmanın əhəmiyyətini dərk edirəm. Lakin mənim işim kənardan göründüyü qədər birmənalı olmayıb”.
“Ayntraxt”dan isə futbolçu ilə müqavilənin uzadılması istiqamətində yaxın vaxtlarda danışıqlara başlanılacağı açıqlanıb. Onun hazırkı sözləşməsi 30 iyun 2027-ci ildə başa çatır.