Aydın Mirzəzadə: Azərbaycan türk dünyası ilə əlaqələrin güclənməsinə xüsusi önəm verir
Azərbaycan-Özbəkistan parlamentlərarası forumu Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyası ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımların praktiki nəticələrindən biridir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan tarixən dost və qardaş xalqlar olub, müstəqillik əldə etdikdən sonra iki ölkə arasındakı münasibətlər daha da möhkəmlənib. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, hər zaman ölkəmizin yanında olub və Zəfər münasibətilə Azərbaycanı təbrik edib.
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələri faktiki olaraq bütün sahələri əhatə edir. Ölkələr arasında hərbi-texniki əməkdaşlıq mövcuddur, həmçinin qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir.
Deputat təhsil sahəsindəki əməkdaşlığa da diqqət çəkib. O bildirib ki, Özbəkistanda Nizami Gəncəvi adına pedaqoji institutun fəaliyyət göstərməsi, Bakı Dövlət Universitetində ötən ildən özbək dili və ədəbiyyatı üzrə magistr ixtisasının açılması əlaqələrin möhkəmliyinin göstəricisidir.
Parlamentlərarası əlaqələrin də gündən-günə inkişaf etdiyini vurğulayan deputat Azərbaycan tərəfinin türk dövlətlərinin parlamentləri, o cümlədən Özbəkistan parlamenti ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib.
“Mən Özbəkistanla dostluq qrupunun üzvü deyiləm, amma bu keçirilən forumun gedişatını mətbuat vasitəsilə izlədim və qardaşlığımızın, dostluğumuzun möhkəm olduğunu gördük”, – Aydın Mirzəzadə deyib.
Deputat vurğulayıb ki, Azərbaycan türk dünyası ilə əlaqələrini möhkəmləndirmək üçün beynəlxalq hüququn və əməkdaşlığın bütün formalarından maksimum istifadə edir. Onun sözlərinə görə, keçirilən forum türk dünyasının gündən-günə güclənməsini bir daha nümayiş etdirib.
Aydın Mirzəzadə əlavə edib ki, Azərbaycan türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verir.