Razi Nurullayev: Azərbaycanda ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyası hazırlanmalıdır
Ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasına ehtiyac var.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, dünyanın inkişaf etmiş iqtisadiyyatlarında ailə biznesləri iqtisadiyyatın əsas sütunlarından biridir. Onun sözlərinə görə, Almaniyada məşhur “Mittelstand” şirkətlərinin böyük hissəsi ailə biznesləridir. İtaliya, Türkiyə, Cənubi Koreya və digər ölkələrdə də milyonlarla insan ailə şirkətlərində çalışır. Dünyanın ən böyük şirkətlərindən bəziləri də vaxtilə kiçik ailə biznesi kimi fəaliyyətə başlayıb.
Razi Nurullayev qeyd edib ki, Azərbaycanda da minlərlə ailə kiçik mağaza, emalatxana, xidmət sahəsi, kənd təsərrüfatı təsərrüfatı və digər bizneslərlə dolanır. Son illərdə ailə bizneslərinin institusionallaşması istiqamətində addımlar atılıb. Bu baxımdan ABAD mərkəzlərini nümunə göstərən deputat bildirib ki, onlarla yerli ailə təsərrüfatı qida, sənətkarlıq və xidmət sahəsində öz brendlərini yaradır, hətta xarici bazarlara çıxır.
“Yerli təcrübəmiz göstərir ki, dövlət dəstəyi və düzgün marketinq birləşdikdə, milli ailə biznesləri iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilir”, – deputat vurğulayıb.
O, ailə biznesləri üçün güzəştli kreditlər və xüsusi maliyyə proqramlarının nəzərdə tutulmasını vacib hesab edib. Bildirib ki, bu bizneslərin əsas problemlərindən biri kapital çatışmazlığıdır. Eyni zamanda, ailə bizneslərinin qeydiyyatı, hesabatlılığı və sənədləşməsinin daha sadə olmasının vacibliyini qeyd edib.
Deputatın sözlərinə görə, beynəlxalq təcrübədə ailə bizneslərinin nəsildən-nəslə ötürülməsi üçün vergi və hüquqi güzəştlər tətbiq edilir. Azərbaycanda da bu istiqamətdə düşünülməlidir. Çünki biznes sahibi vəfat etdikdən sonra hüquqi və maliyyə problemləri səbəbindən illərlə qurulmuş biznes fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.
Razi Nurullayev digər vacib məsələnin təlim və məsləhət xidmətləri olduğunu bildirib. O qeyd edib ki, bir çox ailə biznesləri peşəkar idarəetmə, marketinq və rəqəmsallaşma imkanlarından xəbərsizdir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları xüsusi proqramlar həyata keçirə bilər.
Deputat vurğulayıb ki, ailə biznesi yalnız iqtisadi məsələ deyil, həm də sosial sabitlik, regionların inkişafı və məşğulluq baxımından əhəmiyyətlidir. Güclü ailə biznesləri yeni iş yerləri yaradır, insanların doğma rayonlarında işləməsinə imkan verir və dövlətin sosial yükünü azaldır.