Günəşli havalarda gözlərimizi qorumaq üçün istifadə etdiyimiz günəş eynəklərinin satışına artıq marketlərdə belə rast gəlmək mükündür. İnsanların əksəriyyəti günəş gözlüklərinin keyfiyyətlilərini optikadan deyil, ucuz qiymətə rast düşdüyü istənilən məkandan almağa daha çox üstünlük verir.
Bəs həmin eynəklər, həqiqətən, günəşdən qoruyucu təsirə malikdir?
Optika mütəxəssisi Asif Qafarov “Operativ Media”ya açıqlamasında bildirib ki, günəş eynəkləri optikalarda mövcud olan testlərdə yoxlanılıb alınmalıdır:
“Keyfiyyətsiz eynəkləri orginal eynəklərdən fərqləndirən əsas cəhət təmiz mineral şüşəsinin olmasıdır. Həmçinin şüşələri polaris olmalıdır ki, ultrabənövşəyi şüşələrdən tam şəkildə qorusun. Hazırda çöldə, bazarda satışı təmin olunan günəşdən qoruyucu eynəklərin gözləri plastmas materialdan olan keyfiyyətsiz eynəklərdir ki, bunlar da gözü qorumaq əvəzinə, əksinə həmin ultrabənövşəyi şüaları gözə ötürür”.
Mütəxəssis qeyd edib ki, bu cür eynəklərin hazırlanma texnologiyası düzgün deyil, buna görə də insanların istənilən eynək seçimi üçün optikaya üz tutmaları məsləhət olunur.
Sevinc İbrahimzadə






