Kənd təsərrüfatında dövlət və ictimai maraqların qorunması necə təmin olunur?

Nərmin Qocamanlı
Kənd təsərrüfatında dövlət və ictimai maraqların qorunması necə təmin olunur?
Deputat: Azərbaycan cəmiyyətində dövlətin və ictimaiyyətin maraqları üst-üstə düşür.

Kənd təsərrüfatı sektoru bir ölkənin iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən və geniş əhali qruplarına iş təmin edən sahədir. Dövlət və ictimai maraqların qorunması bu sahədə mühüm rol oynayır, çünki kənd təsərrüfatı yalnız iqtisadi fayda gətirmir, həm də sosial və ekoloji faktorlarla sıx əlaqəlidir.

Dövlətin kənd təsərrüfatında rolu iqtisadi və sosial maraqları balanslaşdırmaqdır. Bu, sahə tənzimləmələri və qanunvericilik, sosial təminatlar, ətraf mühitin qorunması və iqtisadi inkişafı əhatə edir. Dövlət kənd təsərrüfatı sahəsində resursların səmərəli istifadəsini və ətraf mühitin qorunmasını təmin etməli, işçilərin sosial təminatlarını yaxşılaşdırmalı və bərabər imkanlar yaratmalıdır. Kənd təsərrüfatında dayanıqlı inkişafın təşviqi üçün biyoloji müxtəliflik və su resurslarının qorunması vacibdir. Eyni zamanda, iqtisadi dayanıqlılıq üçün maliyyə dəstəyi, yeni texnologiyaların tətbiqi və bazar imkanlarının artırılması lazımdır. Dövlət, həmçinin beynəlxalq təcrübələri izləyərək kənd təsərrüfatı sektorunun inkişafını təmin etməlidir.

Bəs Azərbaycanda dövlət və ictimai maraqların kənd təsərrüfatında təmin edilməsi üçün hansı addımlar atılır? 

Məsələ ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycan cəmiyyətində dövlətin və ictimaiyyətin maraqları üst-üstə düşür:

Tahir Rzayev: "Sahibkarlar ərzaq buğdası istehsalına maraq göstərəcəklər"
"Əlbəttə ki, bu iki maraq şəxsi maraqlardan fərqlənir. Kənd təsərrüfatında da dövlət və ictimai maraqların qorunması və bir məqsədin həyata keçirilməsi qarşıya qoyulub. Çünki dövlət cəmiyyət üçündür. İctimaiyyətə açıqdır və ictimaiyyətin maraqlarına uyğun həyata keçirilməsi bilavasitə dövlətin vəzifəsidir. Bu, kənd təsərrüfatının inkişafında da özünü göstərir. Dövlətin həyata keçirdiyi bir çox tədbirlər ictimai maraqlarla, ictimai səylərlə üst-üstə düşür. Çünki ictimaiyyətin qaldırdığı məsələlərə əksər hallarda qanunların çərçivəsində dövlət əməl edir. O, əlbəttə ki, kənd təsərrüfatında sahibkarlara, ictimaiyyətin nümayəndələrinə güzəştli şərtlərlə maliyyə vəsaitlərinin ayrılması, onlara imkan və şəraitin yaradılması, sahibkarlıq hüquqlarının qorunmasıdır".

Millət vəkili bildirib ki, kənd təsərrüfatının inkişafı intensivləşdirmə olmadan baş verə bilməz:

"Dayanıqlı iqtisadiyyatın təmin olunması üçün kənd təsərrüfatının yenidən qurulması, inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi və yayılması vacibdir. Maarifləndirmə işlərinin düzgün təşkil edilməsi, kənd təsərrüfatında informasiya səviyyəsinin artırılması əlbəttə ki, intensivləşdirməni xarakterizə edən amillərdən biridir. Bu gün dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər müsbətdir və dəyərləndirilməlidir. Dövlət insanların və ictimaiyyətin maraqlarını dolğun şəkildə həyata keçirmək üçün işğaldan azad olunmuş ərazilərdə çox mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər ərazilərdə bərpa-quruculuq və tikinti işlərinin genişləndirilməsi ilə yanaşı, yeni məktəblərin, xəstəxanaların və ictimai iaşə obyektlərinin yaradılması ilə də müşayiət olunur. Həmçinin kənd təsərrüfatına göstərilən qayğı və diqqət özünü aydın şəkildə göstərir.

Həmin ərazilərdə təhlükəsizlik tədbirləri görülür sahələr minalardan təmizlənir və torpaqlar əkin dövriyyəsinə daxil edilir. Artıq 100 min hektarlarla sahə minalardan təmizlənib əkin üçün hazırlanmışdır. Son illərdə isə 100 min hektardan artıq sahədə dənli paxlalı bitkilər, bostan məhsulları yetişdirilmiş və istehsal olunmuşdur. Dağlıq ərazilərdə sahibkarlara mal-qara üçün lazımi imkanlar yaradılmış onlar yayda yaylaqlara köçürülmüşlər. Əlbəttə ki, bu, dövlətin vəzifəsi olmaqla yanaşı, sahibkarların və ictimaiyyətin maraqlarının dolğun şəkildə ödənilməsinin bir nümunəsidir".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhəmmədov isə bildirib ki, kənd təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli üçün mütəxəssislərdən ibarət bir qurum yaradılmalıdır:

K%C9%99nd%20t%C9%99s%C9%99rr%C3%BCfat%C4%B1%20%C3%BCzr%C9%99%20ekspert%20Vahid%20M%C9%99h%C9%99rr%C9%99mov.jpg

"Kənd təsərrüfatı məhsullarının istehsalının təşkili, istehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması və bazarda qiymətlərin əlçatanlığının təmin edilməsi, idxalda olan monopoliya ilə mübarizə kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Xüsusilə monopoliyanın aradan qaldırılması və ictimai nəzarətin təşkili bu məsələlərin həllində mühüm rol oynayır. Bu məqsədlə mütəxəssislərdən ibarət qurumlar yaradılmalıdır. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu sahəyə nəzarət edə bilərlər. Dövlətin və cəmiyyətin marağı da bu məsələlərdə əsas rol oynayır.

İctimaiyyət həm ölkədə istehsal olunan, həm də xaricdən idxal olunan məhsulların keyfiyyətinin mövcud standartlara cavab verməsini istəyir. Bu o deməkdir ki, keyfiyyətsiz məhsullar xüsusilə xaricdən gətirilənlər ölkədə istehsal edilməməli və idxal olunmamalıdır. 

Hökumət ictimaiyyət nümayəndələri ilə birgə bu kimi problemlərin həllini öz üzərinə götürməlidir. Əgər bu gün ictimaiyyət və QHT nümayəndələri bu sahəyə nəzarət edə bilmirsə, deməli, hökumət buna imkan yaratmır. Hökumət bu imkanları yaratmalı və bu məsələdə maraqlı olmalıdır. Mənim müşahidələrimə görə ictimaiyyətdə kifayət qədər maraqlı şəxslər mövcuddur və onlar cəlb edilməlidir.

Kənd təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli üçün mütəxəssislərdən ibarət bir qurum yaradılmalıdır ki, onlar öz təkliflərini versinlər. Dövlət proqramlarının hazırlanmasında ictimaiyyətin təklifləri mütləq nəzərə alınmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində şəffaflıq yoxdursa, QHT-lər cəlb edilməlidir. Həmin QHT-lər sahədə görülən işləri, ayrılan maliyyə vəsaitlərinin necə xərcləndiyini, səmərəliliyini və kadrların peşəkarlığını izləyərək ictimaiyyətə məlumat verməlidirlər. Hökumət ictimaiyyətin bu prosesə qatılmasını təmin etməli və bu məsələyə maraq göstərməlidir. Bu halda həm istehsalda, həm də bazarda mövcud problemlər aradan qalxar və istehlakçılar daha keyfiyyətli və əlçatan məhsul əldə edə bilərlər".

mediad%C4%B1in.jpgQeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "ictimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanıb.


 

Digər xəbərlər