Sosioloq: "Şəhərə çıxıb sorğu etsək çox adamın bu günün Su çərşənbəsi olduğunu bilmədiyini görərik"

Bayramlar xalqın ənənələrini yaşatmaq üçün əhəmiyyətlidir. Novruz bayramına hazırlıq - Su, Od, Yel və Torpaq çərşənbələri ilə başlayır. Lakin son illər bu çərşənbələr, xüsusən gənclər arasında yavaş-yavaş unudulmağa başlayıb.
Novruz çərşənbələri niyə unudulur?
Məsələ ilə bağlı sosioloq Mətənət Məmmədova Operativ Media-ya danışıb.
O bildirib ki, bayramlarımızın getdikcə arxivləşməsi çox narahat edici amillərdən biridir: "Bizim ənənələrimizin bu vəziyyətə düşməsi qorxu yaradır. 10-20 il əvvəl Novruz bayramından əvvəlki dörd çərşənbə çox böyük təntənə ilə qeyd olunurdu. İlk çərşənbə sayılan Su çərşənbəsində bütün məhəllələrdə tonqal yandırılırdı. İlk çərşənbədə tonqalın yandırılması təbiəti oyatmaq deməkdir. Su çərşənbəsindən başlayaraq bütün çərşənbələrdə axşamlar evlərdə kiçik xonçalar hazırlanardı. Şamlar yandırılır, milli yeməklərlə bəzədilmiş süfrələr açılırdı. Eyni zamanda, Su çərşənbəsinin özündə də xüsusi adətlər var idi. Sübh çağı suyun üzərindən atlamaq və s. Əlbəttə bunların bəziləri hazırki dövrdə tam olaraq həyata keçirilə bilmir. Amma unudulması düzgün deyil".
Ekspert bildirib ki, gələcək nəsillər bayram adətlərindən xəbərdar olmayacaqlar:
Novruz sözünün mənası "yeni gün" deməkdir. Bu bayrama qədər olan çərşənbələr də bizi yeni günə hazırlayırdı. Amma son illər Novruz bayramına qədər olan dörd çərşənbə demək olar ki, tarix olub. Bu isə bizim günahımızdır. Buna səbəb bizim yeni həyat tərzimiz, internet və sosial şəbəkələrdir. Biz öz adət-ənənələrimizi sosial şəbəkələrə qurban vermişik. Bu gün şəhərə çıxıb insanlara sorğu etsək çox adam bu günün Su çərşənbəsi olduğunu bilməyəcək. Sadəcə olaraq, sosial şəbəkələrdə paylaşılan postlarla bəzi insanlar bu günü xatırlayacaq.
Bu çərşənbələrin hər birinin çox gözəl adət-ənənələri var. Təəssüflər olsun ki, biz bu çərşənbələri artıq unuduruq. Əvvəllər çərşənbə axşamları məhəllələrdə tonqal qalayırdılar. Sakinlər tonqalın ətrafında toplaşırdılar. 10 il əvvəl böyük təntənə ilə qeyd olunan İlaxır (Torpaq) çərşənbəsi artıq demək olar ki, qeyd olunmur. Təəssüflər olsun ki, biz artıq çərşənbələrə önəm vermirik. Yeni il bayramına daha çox diqqət yetiririk.
Tarixi və adət-ənənələri olmayan xalqın gələcəyi yoxdur. Biz bunları unuda-unuda hara gedirik?. Artıq bir neçə ildir ki Novruz çərşənbələri bu şəkildə keçirilir. Gələcəkdə bizim övladlarımız və nəvələrimiz bayram adətlərindən xəbərdar olmayacaqlar. Ona görə də bu adətləri yaşatmalıyıq. Biz də bu bayram adətlərini gələcək nəsilə ötürməliyik. Bu bizim vəzifəmizdir".
Gülcahan Məmmədova