
“Çanakkale zəfəri əslində türk varlığının qorunub saxlanması üçün önəmli bir hadisə idi. Bu zəfər İstanbulun fəthi qədər əhəmiyyətli sayılır. Çanakkale döyüşləri yalnız bir savaş deyil, həm də türklüyün və İslam dünyasının taleyinin həll olunduğu bir mübarizə idi”.
Operatuv Media xəbər verir ki, bu sözləri "18 mart Çanakkale zaferi ve şehitleri anma” tədbirində millət vəkili Naqif Həmzeyev deyib.
Millət vəkili Çanaqqala müharibəsində minlərlə azərbaycanlının iştirak etdiyini vurğulayıb:
“Minlərlə azərbaycanlı döyüşmək üçün Çanaqqalaya getmişdi. Çanaqqala məzarlığını ziyarət edən hər kəs məzar daşlarının üzərində Bakı, Gəncə, Bərdə və digər rayonlarımızdan bu savaşa qatılmaq üçün gəlmiş qəhrəmanların adlarını görə bilər. Onlar bizim gənclərimiz idi Türk dünyasının taleyini qorumaq üçün Çanaqqalaya üz tutmuşdular.
Deputat bildirib ki, biz iki qardaş xalq olaraq həmişə bir-birimizin yanında olmuşuq: "Bakının daşnaqlardan azad olunması zamanı da bizim qəhrəman əsgərlərimiz türk əsgərləri ilə çiyin-çiyinə vuruşmuşdular. Son olaraq İkinci Qarabağ müharibəsi ərəfəsində də buna bənzər bir tarixi yaşadıq. Türk qardaşlarımız yenidən Azərbaycanın yanında oldular. Biz Qarabağ savaşı zamanı yeni dövrün Çanaqqala savaşını bir növ gerçəkləşdirdik.
Əgər Çanaqqala savaşı olmasaydı türk dünyası və İslam aləmi tamamilə məğlub olacaqdı. Məhz Qarabağ savaşı da yenidən türk dünyasını silkələdi və türk dövlətlərini birləşdirdi. Biz hər zaman bir olmuşuq. Orta Asiyadan olan qardaşlarımız da bu savaşdan öz paylarına düşən nəticəni çıxara bildilər.
Bu gün Türk Dövlətləri Təşkilatı elə bir səviyyəyə çatıb ki, türk dünyası hər bir addımını birlikdə atır. Sonda isə Çanaqqala savaşında şəhid olmuş 90 min əsgərimizin ruhunu ehtiramla yad edirəm. Biz heç vaxt icazə verməyəcəyik ki, türk dünyasının birliyini sarsıtsınlar”.