"Media kiberbullinqə qarşı təlimlərə və maarifləndirmə işinə cəlb edilməlidir"
"Kibertəhlükəsizlik sahəsində maarifləndirmə istiqamətimizin bir sıra tədbirləri var. Bunlardan biri də kibergigiyena ilə bağlı bir layihədir və 5 mindən çox dövlət qulluqçusu bu layihəyə cəlb olunub".
"Operativ Media" xəbər verir ki, bunu Xüsusi rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” panel sessiyasında deyib.
"Bundan əlavə, bizim vətəndaşların da maarifləndirilməsi istiqamətində "Təhlükəsiz təqvim" layihəmiz var. "Təhlükəsiz təqvim" layihəsi çərçivəsində biz hər ay onlayn seminarlar şəklində həm dövlət qurumları, həm də ictimaiyyət üçün açıq olan müxtəlif mövzularda informasiya təhlükəsizliyi məsələlərindən danışırıq. Bu 3 ay davam edəcək. Kiberbullinq məsələsini özündən əhatə edən aylardan biri də "Sosial şəbəkələrdən təhlükəsiz istifadə"dən bəhs edən may ayıdır. May ayının souncu həftəsi bu seminar baş tutacaq. İkincisi sentyabrda "kibergigiyena" çərçivəsində keçiriləcək. Sonuncu seminar isə "Uşaqların internetdən təhlükəsiz istifadəsi" adlanır və noyabr ayında keçiriləcək", - deyə o bildiirb
Tural Məmmədov qeyd edib ki, 30 ölkədə gənclər arasında aparılan araşdırmanın nəticələrinə əsasənən hər 3 nəfərdən biri kiberbullinqə məruz qalıb:
"Bu çox ciddi bir rəqəmdir. Həmin gənclərin 75%-i məhz sosial şəbəkə üzərindən kiberbullinqə məruz qaldığını bildiriblər. Rəqəmlər arasında çoxları məktəbyaşlılardır və onların 20%-i bunun nəticəsində məktəbə getməkdən imtina ediblər. Kiberbulliq çox ciddi bir təhlükədir, gənclərin psixoloji vəziyyətinə təsir edir. Ona görə də bu istiqamətdə ciddi işlər görülməlidir. Məsələn, bəzi xəbərlərin anonimləşdirilmədən, fərdi məlumatları qorunmadan paylaşılması həmin şəxsləri kiberbullinqin birbaşa hədəfinə çevirir. Buna görə də xəbərləri paylaşarkən diqqətli olmaq lazımdır. Bu mövzuda bizim kimi qurumlarla məsləhətləşmək də olar".