Dünya miqyaslı dörd nəhəng səyyah klubundan birinin - “Most Traveled People” (MTP) səyahət klubunun rəhbəri də daxil olmaqla 35 nəfərlik geniş heyətin iyulun 25-də Qarabağa səfəri başlayıb.
"Operativ Media" xəbər verir ki, dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıblar. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Bu klubun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.






