
Dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Artıq məktəb ləvazimatları mağazalarında alıcı sıxlığı müşahidə edilir. Mağazalarda qiymətlər məhsulun növünə görə fərqlənir.
Mağazalarda ortopedik çantalar adi çantaya nisbətdə daha bahalıdır. Belə ki, ötən il 10-11 manata olan test kitablarının qiyməti bu il 13-15 manat arası dəyişir. Həmçinin fərdi müəlliflərin test kitablarının qiymətləri arasında 3-4 manat arası bahalaşma müşahidə olunur. DİM-in nəşr etdiyi kitabların qiyməti isə 5-7 manat arası olsa da, bu il qiymətlər fərqlidir.
Uşağı məktəbə yola salmaq üçün nə qədər pul lazımdır?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “Operativ Media”ya açıqlama verib.
O bildirib ki, bir uşağın məktəb bazarlığına ən azı 200-300 manat pul lazımdır:
“Təəssüflər olsun ki, hər il məktəb ləvazimatlarının qiymətində artım müşahidə edirik. Qiymət artımı daxili məsələ ilə də bağlı olur. Benzinin qiymətinin artması malların daşınma xərclərini artırıb.
Bu xərclər məhsulların üzərinə əlavə edilib. Hazırda bazarda 20, 50, 100 manata da məktəbli çantası satılır. Amma ortalama şəkildə bir şagirdin məktəb bazarlığı 200-300 manata başa gəlir. Təsəvvür edin ki, bir ailədən eyni anda 3 uşaq məktəbə gedir. Bu onların valideynləri üçün çox ciddi problemdir. İcarə pulu artdıqca malın qiyməti də artacaq. Bu zaman isə zərər yenə də valideynə dəyir”.
Təhsil eksperti Elşən Qafarov bildirib ki, valideyn məktəb bazarlığını son ana saxlamamalıdır:
“Hər tədris ilinin əvvəlində biz bu problemlə qarşılaşırıq. Tələb və təkliflə bağlı olaraq qiymətlər arta bilər. Valideynlər məktəb ləvazimatlarını avqustun sonu sentyabrın əvvəlinə saxlamamalıdır. Bunları hissə-hissə almaq da olar.
Avqust ayının sonu, sentyabrın əvvəlinə forma, ayaqqabı kimi geyimlərin qalması daha düzgürdür. Digər məktəb ləvazimatlarını yayın əvvəlində alsalar sıxlıq olmaz. Eyni zamanda qiymət artımı bu dərəcə hiss edilməz. Valideynlərin bu məsələni planlaşdırmasında müəyyən problemlər var. Hamı eyni anda məktəb bazarlığına çıxır. Tələb çox olduğu üçün, qiymətlərdə fərqlilik görünür”.