İş axtaranlara xəbərdarlıq: Dələduzların qurbanına çevrilə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə saxta iş elanlarının sayı çoxalıb. Bir çox vətəndaş sosial şəbəkələrdəki iş elanlarının qurbanına çevrilir.
Vətəndaşlar saxta elanların qurbanına çevrilməmək üçün nələrə diqqət etmək etməlidir?
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Operativ Media”ya açıqlama verib. Ekspert vətəndaşları diqqətli olmağa çağırıb. O bildirib ki, dələduzlar öncədən iş axtaran şəxsdən müəyyən məbləğ ödəniş tələb edir:
“Sosial şəbəkələrdə dələduzluğun müxtəlif növlərinə rast gəlmək olur. Xüsusi ilə işə düzəltmə, müəyyən yardım kampaniyaları və s. kimi yollarla insanlar aldadılır. İş tapa bilməyən vətəndaşa yüksək əməkhaqqı vəd edilir. Bununla da şəxs tələyə düşür.
Dələduzlar öncədən həmin şəxsdən müəyyən məbləğ ödəniş tələb edir. Vətəndaşlar belə məsələlərdə diqqətli olmalıdırlar. İş axtaran şəxs həmin müəssisəni araşdırmalı, haqqında məlumat əldə etməli və müəssisənin fəaliyyətini nəzərdən keçirməlidir. Bu zaman dələduzların qurbanına çevrilməkdən qaçmaq mümkündür.
Bir çox şəxs işə düzəlmək üçün öncədən müəyyən məbləğ ödəyir. Bunlar isə ümumilikdə kifayət qədər vəsaitdir. Vətəndaş iş axtaran zaman diqqətli olmalıdır”.
Təhlükəsizlik üzrə ekspert Rəşad Rza bu kimi halların artmasının səbəbini Azərbaycanda işləmək istəməyənlərin sayının artması ilə bağlayıb:
“Son zamanlar bu kimi hallar artıb. Çünki Azərbaycanda işləmək istəməyənlərin sayı çoxalıb. Bundan isə bəzi şəxslər sui-istifadə edirlər. Yüksək maaş vəd edərək, insanları aldadırlar. İş elanları ilə bağlı mexanizmlər rəsmiləşməlidir. İnsanlar iş tapa bilmədikləri üçün, fırıldaqçıların qurbanına çevrilir. Bununla bağlı bir neçə qurum fəaliyyət göstərməlidir. Vəziyyətə güc strukturları nəzarət etmılidir”.
Vəkil Turan Abdullazadə sosial şəbəkədə insanları aldadan şəxslərin Cinayət Məcəlləsi ilə məsuliyyət daşıdığını qeyd edib:
"Son zamanlar bəzi cinayətlərin sayı artıb. Həmin cinayətlərdən biri də Cinayət Məcəlləsinin Xüsusi hissəsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətidir. Azərbaycanda işə düzətmə, torpaq və daşınmaz əmlak alqı-satqısı sahələrində dələduzluq halları daha çox baş verir. Bəzi işbazlar xaricdə təhsil adıyla yalançı şirkətlər yaradaraq tələbələrə saxta vədlər verərək, onların pullarını mənimsəyirlər.
Dələduzluq - daha asan törədilən və rahat gəlir əldə edilə bilən cinayət növlərindən biridir: “Yəni burada hər hansı xüsusi vasitələrdən istifadə etməyə, zəhmət çəkməyə gərək yoxdur. Cinayət törədən şəxsə ona etibar edən insanlar (qurbanlar) tapmaq kifayət edir.
Dələduzluğa görə cinayət məcəlləsində təsbit olunan cəzalar müxtəlifdir: “Yüngül maddələrlə dələduzluq törədənlər 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədənlər - 4000 manatdan 7000 manatadək cərimə, 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Külli miqdarda ziyan vurmaqla cinayət törədən şəxslər- 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildiən dələduzluqlar -10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


