17 Sentyabr 2024, 14:30
Uşaqların sağlamlığına təhdid: Zərərli qida reklamları qadağan edilməlidirmi?
Uşaqların sağlamlığına təhdid: Zərərli qida reklamları qadağan edilməlidirmi? şəkil
Uşaqların sağlamlığına təhdid: Zərərli qida reklamları qadağan edilməlidirmi?

Böyük Britaniyada 2025-ci ildən televiziya və onlayn platformalarda uşaqlar üçün yayımlanan yağı, duzu və şəkəri yüksək olan qidaların reklamının qadağan edilməsi müzakirə edilib. Qəbul edilən qərara görə bu tipli qida məhsullarının reklamı 2025-ci ilin oktyabr ayından xüsusi yayım vaxtında yayımlanacaq. Buna səbəb ölkədə uşaqlar arasında piylənmə prosesinin sürətlə getməsi göstərilib.

Bəs Azərbaycanda belə bir addım atıla bilərmi?

Media eksperti Azər Həsrət "Operativ Media"ya Azərbyacan televizya kanallarında yayımlanan reklamlara qarşı öz iradını bildirib:

“Nəinki uşaqlara yönəlmiş zərərli qidaların, eyni zamanda bir sıra başqa məhsulların da reklamları televiziyalardan yığışdırılmalıdır. Bir qayda olaraq bu reklamların yayımına icazə verilməməlidir.

Bu gün Azərbaycan televiziya kanallarının mənzərəsinə baxaq. Demək olar ki, bütün telekanallarda müxtəlif dərmanlar reklam edilir. Ortaya sual çıxır. Dərmanların reklamına ehtiyac var? İnsan xəstələnən zaman həkimə gedir, diaqnoz qoyulur, buna uyğun da dərman yazılır. Elə bil vətəndaşa deyilir ki, “al bu dərmanı iç”. Televiziyalarda dərmanların təşviqatı doğru deyil. Sadəcə olaraq dərmanların satışını artıraraq çoxlu gəlir əldə etmək istəyənlər var. Dərmanın xeyirli və ya ziyanlı olduğunu sadəcə həkim müəyyənləşdirə bilər. Özü də hər şəxs üçün fərdi şəkildə.

Yeyinti məhsulları, xüsusi ilə uşaq qidaları ilə bağlı həvəsləndirici reklamların verilməsi çox yalnışdır. Övladına hansı qidanın lazım olduğunu valideyn özü bilir. Təkcə “abur-cubur”ların deyil, uşağın inkişafı üçün olan müəyyən məhsulların da reklam edilməsi düzgün deyil. Valideyn bu reklamların təsirinə düşərək məhsulu alır. Nəticədə uşaq təbii inkişafdan qalır. Bu kimi reklamların dayandırılması vacibdir”.

Media eksperti bildirib ki, Azərbaycanda reklam sahəsinə müəyyən tənzimləmələr gəlməlidir:

Ümumiyyətlə qidaların kanallarda reklamı qadağan edilməlidir. Misal üçün əvvəllər kərə yağlarının reklamı kanallarda yayımlanmırdı. Bildirirdilər ki, adi kərə yağı niyə reklam edilsin?

Azərbaycanda reklam sahəsinə müəyyən tənzimlənmələr gəlməlidir. Televiziyada geyim, maşın, texnika, mebel və s məhsullar reklam edilə bilər. Amma ərzaq məhsulları və dərmanların reklamı qəbuledilməzdir”.

Dietoloq Ləman Süleymanova “Operativ Media”ya bildirib ki, 2020 pandemiya dövründən sonra uşaq və yeniyetmələrdə piylənmə prosesi sürətlə artıb:

“Statistik məlumatlara görə, pandemiya dövründən sonra uşaq və yeniyetmələrdə piylənmə prosesi sürətlə artıb. Ümumiyyətlə uşaqların qidalanması hazırda yaxşı vəziyyətdə deyil. Təbii ki, bunun səbəbləri müxtəlifdir. 2013-2015-ci illərə nəzərən uşaqlar arasında dietoloqa müraciət edənlərin sayı xeyli artıb.  Bu heç yaxşı göstərici deyil. Əvvəl 12-13 yaş arasında ən yüksək artıq çəki 55-70 kq təşkil edirdi. İndi isə 12-13 yaşlı uşaqların arasında ən normal artıq çəki 70 kq-dır.

Bizim yanımıza 90, 100, 130, hətta 140 kq artıq çəkili uşaqların valideynləri müraciət edir. İlk olaraq biz valideyn ilə psixoloji söhbət edirik. Söhbət zamanı məlum olur ki, uşaq 1 yaşından etibarən “abur-cubur” dediyimiz qidalardan yeməyə başlayıb. Valideyn uşağın qida tərbiyəsi ilə də məşğul olmalıdır”.

L.Süleymanova dünya mütəxəssislərinin ultra-emal edilmiş qida məhsullarının reklamlarının məhdudlaşdırılması üçün çağırış etdiyini bildiib:

“Qida mütəxəssisləri, dietoloqlar, pediatrlar ultra-emal edilmiş qida məhsullarının (“abur-cubur”) reklamlarının məhdudlaşdırılması üçün fikir irəli sürüblər.  Amma çox təəssüflər olsun ki, bu qidaların reklamı hələ də davam edir. Yerli telekanallar ən zərərli qidaları, içkiləri, tərkibində zərərli maddələr olan müxtəlif şirniyyatları, arıqladıcı dərmanları, zərərli çay və kofeləri reklam edir. İlk olaraq ölkəmizdə bu reklamlara qadağa qoymaq lazımdır. 

Qeyd edim ki, təziq, xərcəng, ürək-damar, stress, şəkərli diabet kimi xəstəliklərin səbəbkarı bir başa məhz ultra-emal edilmiş qida məhsullarıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, insanların sağlamlığına ziyan vuran məhsulların reklamı yolverilməzdir:

“Azərbaycanda da uşaqlara yönəlmiş zərərli qidaların reklamları qadağan olunmalıdır. Çünki hər bir dövlətin borcudur ki, əhalinin fiziki sağlamlığını qorusun. Ümumiyyətlə insanların sağlamlığına ziyan vuran məhsulların reklamı yolverilməzdir. Əlbəttə bu reklamların göstərilməsində maraqlı olan şəxslər var. Bunun üçün xüsusi dövlət proqramı yaradılmalıdır. Əsas amil əhalinin fiziki sağlamlığının və mənəvi zənginliyinin qayğısına qalmaqdır. Ona görə də uşaqlar üçün çəkilən bu tip reklamların telekanallarda yayımının qadağan edilməsi çox müsbət addım olardı”.

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib ki, əgər bu məsələ ilə bağlı qanun qəbul edilərsə, Audiovizual Şura buna nəzarət edəcək:

"Qeyd edilən məhsulların reklamı hazırda qanunvericiliklə qadağan olunmamışdır. Qanunvercilikdə bu məhsulların reklamının uşaqların izləyə və ya dinləyə bilməyəcəyi vaxtda yayımlanması ilə bağlı müddəa olarsa, buna nəzarət ediləcək. Amma hazırda bununla bağlı tələb yoxdur.

Bu proseslə bağlı hansısa addım atılmazdan əvvəl müvafiq dövlət orqanları ilə hərtərəfli araşdırma aparılmalı və beynəlxalq təcrübə öyrənilməlidir. Hansı məhsulların reklamının qadağan olunması məsələsi isə "Reklam haqqında" qanunda öz əksini tapıb"

Gülcahan Məmmədova

Son xəbərlər
AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib
PSJ xüsusi formasını təqdim edib
İsrail Qərbi İranın şəhərlərinə zərbələr endirib
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb